Azəbaycan, Bakı, 05 avqust / Trend /
Bölgədə Azərbaycanın iştirakı olmadan istər siyasi, istər iqtisadi, energetika və başqa sahələrdə heç bir layihə, heç bir təşəbbüs icra edilə bilməz, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə öz nitqində demişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi cərşənbə axşamı yayıb.
Prezidentin sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi üçün çox önəmli ölkəyə çevrilibdir. "Azərbaycanın enerji potensialı çox böyükdür və biz bu potensialdan çox səmərəli şəkildə istifadə edirik", - o dedi.
İlham Əliyev qeyd etdi ki, Azərbaycan müasir dövlətdir, Azərbaycanın çox güclü iqtisadi potensialı vardır. Bu iqtisadi potensial təkcə enerji amillərindən asılı deyildir. Bu il dünyada yaşanan iqtisadi və maliyyə böhranı bunu bir daha nümayiş etdirdi. Bu böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu il iqtisadi artım müşahidə olunur. Qeyri-neft sektorunda 4 faizdən çox artım olmuşdur. Ümumiyyətlə, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) birinci altı ayda 3,6 faiz artmışdır. "Bu gün Azərbaycan istənilən iqtisadi, siyasi və sosial məsələni həll edə bilər", - Prezident dedi.
Prezident bəyan etdi ki, Azərbaycanın iqtisadiyyatı o qədər güclənibdir ki, biz özümüzü tam şəkildə təmin edirik. Enerji təhlükəsizliyimiz təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. "Biz heç kimdən asılı deyilik, heç bir maliyyə yardımına ehtiyacımız yoxdur və bu böhranlı aylar bir daha onu göstərdi ki, Azərbaycan öz hesabına yaşaya bilər və yaxşı yaşaya bilər", - İlham Əliyev dedi.