Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir: D.Xatınoğlu /
Əfqanıstan Senatının Təhlükəsizlik Komitəsinin vitse-prezidenti bildirib ki, ölkədə keçirilən prezident seçkilərində saxtakarlıq halları müşahidə olunmur və xalqın seçkilərdə fəal iştirak edəcəyinə ümid edir.
Əfqanıstanda prezident seçkiləri avqustun 20-də yerli vaxtla səhər saat 07:00-da başlayıb. Prezident Həmid Kərzai və onun əsas rəqibləri səsvermədə iştirak etdikdən sonra xalqı seçkilərdə daha fəal olmağa çağırıblar.
Senat üzvu Xalid Paştun Trend -a bildirib ki, öləkədə artıq üç gündür ki, Taliban fəaliyyətini daha da aktivləşdirib və təkcə bu gün 7 partlayış baş verib. "2004-cü il prezident seçkilərilə müqayisədə hazırkı seçkilərdə qadınların iştirakı zəifdir, bu isə son günlər törədilən terror aktları ilə bağlıdır", - deyə Paştun cümə axşamı telefonla Kabildən bildirib.
Paştun bildirib ki, seçki hüququna malik olanların ən azı 50 faizinin prezident seçkilərində iştirak edəcəyinə ümid edir.
Senat üzvu hesab edir ki, Kərzainin qələbə şansı daha çoxdur. Onun sözlərinə görə, prezident Kərzainin əsas rəqibi Abdullah Abdullahdır. "Hazırda ictimai sorğuların nəticəsinə görə, Kərzainin 45, Abdullahın isə 26% seçici səsi qazanmaq şansı var", - deyə Paştun bildirib.
2004-cü ildə keçirilən prezident seçkilərində Kərzai 55 faiz səs toplamaqla qalib gəlmişdi.
Bu prezident seçkilərində Kərzainin əsas rəqibləri sabiq xarici işlər naziri Abdullah Abdullah və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzidir. Ölkənin cənub regionlarında taliblərin daha fəal olması nəzərə alınmaqla, burada əhalinin seçkilərdəki iştirakının zəif olacağı istisna edilmir.
Əfqanıstan rəhbərliyi tərəfindən seçkilərlə əlaqədaq xüsusi təhlükəsizlik tədbirləri görülür. Hökumət ölkədəki durumu gərginləşdirməmək və əhalini təşvişə salmamaq məqsədilə, KİV-dən seçkilər günü zorakılıq və terror aktları ilə bağlı informasiyaları yaymamağı xahiş edib. Beynəlxalq təşkilatların 76 nümayəndəsi prezident seçkilərində müşahidəçi qismində iştirak edir.