Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir T.Cəfərov /
İran Prezidenti Mahmud Əhmədinejadın ABŞ Prezidenti Barak Obama ilə bəzi beynəlxalq problemlərin həlli üçün müzakirə aparmağa hazır olduğunu, lakin İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmayacağını bildirməsi bu ölkənin nüvə məsələsi ilə bağlı kompramisə getməyəcəyini göstərsə də, ekspertlər hesab edir ki, Əhmədinejadın Obama ilə görüşü onun siyasi nüfuzunun artmasına səbəb olacaq və müzakirə aparmaq bu baxımdan Əhmədinejad üçün əhəmiyyətlidir.
"Obama ilə müzakirələrin aparılması, təkcə Əhmədinejadın siyasi şöhrətinin daha da artmasına səbəb olacaq və o, bu şöhrətindən ölkə əhalisinə güclü prezident olmasını nümayiş etdirmək üçün istifadə edəcək", - deyə Qlazqo Universitetinin professoru Rza Təqizadə Trend -a bildirib.
İranın İRİNN xəbər kanalının məlumatına əsasən, İran Prezidenti bazar ertəsi (sentyabrın 7-də) Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Prezidenti Obama ilə bəzi beynəlxalq problemlərin həlli üçün müzakirə aparmağa hazırdır. Lakin Əhmədinejad İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmayacağını bildirib. "Mən Buşun dövründə də demişəm, indi də deyirəm. Biz KİV-lərin iştirakı ilə beynəlxalq məsələlər haqqında diyaloq aparmağa hazırıq və bu, problemlərin həlli üçün ən əlverişli yoldur", - deyə Əhmədinejad bildirib. Rəsmi Tehran nüvə məsələsini "həll olunmuş məsələ" hesab edir və öz haqqı olan məsələ ilə bağlı danışmaq niyyətində deyil.
Londonda fəaliyyət göstərən iranlı ekspert Təqizadə hesab edir ki, prezident seçkiləri nəticəsində baş vermiş hadisələrindən sonra Qərb və ABŞ üçün İranla müzakirə aparmağa yeganə bəhanə elə nüvə proqramı məsələsidir.
"Qərb və ABŞ prezident seçkilərindən öncə İranla münasibətlər qurmağa meyilli idi. Seçkilərdəki hadisələrdən sonra ABŞ və Qərb İranla münasibət qurmağa daha az meyillidir. Onlar təkcə istəyirlər ki, İranın nüvə proqramı təhlükəsini aradan qaldırsınlar", - Təqizadə bildirib.
Əhmədinejad iyunun 12-də İranda keçirilən prezident seçkilərində qələbə qazanıb. Məğlub olan müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarları hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və nəticələrin ləğvini tələb ediblər. Tehranda baş verən kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, yüzə yaxın şəxs yaralanıb.
İran Parlamentinin sabiq deputatı və nüvə məsələsi üzrə ekspert Əhməd Şirzad hesab edir ki, İran və Qərb arasında olan ixtilafın əsas mənbəyi elə nüvə proqramı məsələsidir və müzakirələrin gündəliyindən bu məsələ çıxarılarsa, danışıqlar yarımçıq qalacaq.
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvi və Almaniya ("5+1" ölkələri) indiyədək İrana iki dəfə təkliflər paketi təqdim edib. Qərb İranın nüvə proqramına şübhə ilə yanaşır. Obama "5+1" ölkələri ilə müzakirələrə başlamaq və nüvə proqramını şəffaflaşdırmaq üçün İrana sentyabr ayının sonunadək fürsət verib və əks təqdirdə, İrana qarşı yeni iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı bildirilib. BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün ona qarşı 5 qətnamə və 3 sanksiya qəbul edib.
Şirzadın fikrincə, Əhmədinejad müzakirələrdən daha çox müzakirədən kənar olan və onun nüfuzunu artıra biləcək diplomatik görüntülərə üstünlük verir.
"Əhmədinejad çalışır ki, İranın daxilində özünü güclü bir prezident kimi göstərsin. Bu baxımdan təkcə ABŞ Prezidenti ilə görüşmək, müzakirələr aparmaq və oradakı görüntülər onu qane edir.Təbiidir ki, müzakirələrin gündəliyindən nüvə proqramı məsələsi çıxarılarsa, danışıqlar yarımçıq qalacaq", - Şirzad telefonla Tehrandan Trend -a bildirib.
Lakin beynəlxalq məsələlər üzrə iranlı ekspert Həsən Behiştipur digər iki ekspertdən fərqli olaraq hesab edir ki, İran BMT TŞ-yə üzv olan beş daimi ölkə və Almaniya ilə beynəlxalq məsələlər, sülh, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq, Əfqanıstan və İraq probleminin həllinə dair müzakirələr aparır. Onun fikrincə, İran nüvə proqramı ilə bağlı "5+1" ölkələri ilə deyil, yalnız MAQATE ilə danışıqlar aparmaq niyyətindədir.
"İranın NPT müqaviləsinə əsasən hər bir ölkə kimi sülhyönlü nüvə texnologiyasına sahib olmaq haqqı var. Buna görə də öz haqqı ilə bağlı kiminləsə müzakirə aparmağa ehtiyacı yoxdur", - deyə Behiştipur telefonla Tehrandan Trend -a bildirib.
Şirzad hesab edir ki, İranın Qərb və xüsusilə ABŞ-la müzakirələri hərtərəfli olmalıdır. Hərtərəfli müzakirələr nüvə məsələlərini də özündə birləşdirəcək. Onun fikrincə, hərtərəfli müzakirədə İranın təhlükəsizliyi, regiondakı mövqeyi, İran və Qərb arasında uzunmüddətli əlaqələrin qurulması və s. kimi məsələlər nəzərdə tutularsa, bu, İranın milli mənafeyini daha çox təmin edə bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]