...

Davudoğlu və Ben-Elizerin gizli görüşü İsrailin təşəbbüsü ilə keçirilib

Dünya xəbərləri Materials 2 İyul 2010 18:02 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü bəyan edib ki, Brüsseldə İsrailin ticarət naziri Ben-Elizer ilə gizli görüşün keçirilməsi təklifi İsrail tərəfindən gəlib.
Davudoğlu və Ben-Elizerin gizli görüşü İsrailin təşəbbüsü ilə keçirilib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü bəyan edib ki, Brüsseldə İsrailin ticarət naziri Ben-Elizer ilə gizli görüşün keçirilməsi təklifi İsrail tərəfindən gəlib. Məlumatı TRT-nin rus xidməti yayıb.

"Biz bu görüşü tələblərimizi birbaşa və dəqiq göstərmək üçün keçirmişik", - Davudoğlu bildirib.

Türkiyə və İsrail rəsmilərinin görüşü "Mavi Mərmərə" beynəlxalq humanitar gəmisinə İsrail hərbi dəniz qüvvələrinin hücumu zamanı 9 türk vətəndaşının ölümü ilə nəticələnən hadisədən sonra ikitərəfli münasibətlərin kəskin pisləşməsi fonunda keçirilib.

Türkiyə xarici işlər nazirinin sözlərinə görə, o, Ben-Elizerlə görüşü ticarət naziri kimi deyil, İsrailin Baş naziri Benyamin Netanyahunun nümayəndəsi kimi keçirib.

"Biz görüşə ona görə razı olduq ki, əvvəllər bütün dünyaya və BMT Təhlükəsizlik Şurasına bəyan etdiyimiz tələblərimizi İsrailə birbaşa və aydın şəkildə çatdıraq", - Davudoğlu qeyd edib.

Ankara İsraildən Qəzza bölgəsinə gedən humanitar gəmiyə hücum etdiyinə görə rəsmi üzr istəməsini və həlak olanların ailələrinə təzminat ödənilməsini tələb edir.

Danışıqların gizli keçirilməsini nəzərə alaraq, aparılan müzakirələr barədə geniş məlumat verilməyib.

"Danışıqların mövzusu dövlət arxivlərinə daxil edilib. Diplomatiya həm açıq, həm də gizli formatda aparıla bilər. Görüş barədə məlumatın verilməsinin səbəbini bizdən deyil, İsrail tərəfindən soruşun", - Türkiyə XİN rəhbəri vurğulayıb.

Görüşdə Davudoğludan başqa Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Siniroğlu da iştirak edib.

Davudoğlu və Ben-Elizerin gizli görüşü İsrailin xarici işlər naziri Aviqdor Libermanın narazılığına səbəb olub. O, danışıqların İsrail XİN-in iştirakı olmadan keçirilməsini pisləyib.

İsrailin "Haaretz" qəzetinin məlumatına görə, görüş Türkiyə və İsrail arasında dialoqun bərpa edilməsini bəyənən Vaşinqtonun təzyiqi nəticəsində keçirilib.

Libermanın hiddətlənməsinə baxmayaraq, o, Netanyahunun kabinetində əhəmiyyətinə görə ikinci olan "Bizim ev - İsrail" ultrasağ partiyanın hökumət koalisiyasını tərk etməsi ilə bağlı məlumatı təkzib edib.

Lakin o, Baş nazir Netanyahu ilə vəziyyəti aydınlaşdırmaq üçün görüşün keçirilməsi təklifini rədd edib.

"Biz gözlənilmədən öyrəndik ki, bu işdə müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər rol oynayırlar və görüş ABŞ ilə əməkdaşlıq zəminində həyata keçirilib. Bu, diplomatiyanın qanunlarına ziddir. Baş nazir ən azı mənimlə məsləhətləşə bilərdi", - Liberman qeyd edib.

İsrailin Baş naziri isə öz növbəsində keçirilmiş görüşün gizli saxlanılması səbəbini texniki nüanslarla izah edib.

Xəbər lenti

Xəbər lenti