...

İranda əfqanların edamından hələ də narahatıq - Əfqanıstan rəsmisi

Dünya xəbərləri Materials 5 Avqust 2010 09:00 (UTC +04:00)
Əfqanıstan rəsmisi bildirib ki, Tehranda keçiriləcək farsdilli ölkələrin prezidentlərinin zirvə toplantısında (İran, Tacikistan və Əfqanıstan) İranda Əfqanıstan vətəndaşlarının həbs olunması və onların hüquqları barədə müzakirələr aparılacaq.
İranda əfqanların edamından hələ də narahatıq - Əfqanıstan rəsmisi

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir D.Xatınoğlu/

Əfqanıstan rəsmisi bildirib ki, Tehranda keçiriləcək farsdilli ölkələrin prezidentlərinin zirvə toplantısında (İran, Tacikistan və Əfqanıstan) İranda Əfqanıstan vətəndaşlarının həbs olunması və onların hüquqları barədə müzakirələr aparılacaq.

"Əvvəlcə də üç ölkənin prezidentlərinin iclasları keçirilib, görüşlərdə İran və Tacikistanda olan əfqan məhbusların mübadiləsi məsələsi müzakirə olunub", - Əfqanıstan Prezidenti Administrasiyasının mətbuat katibinin müavini Əhməd Ziya Siyamək Herəvi çərşənbə axşamı Trend-ə telefonla Kabildən bildirib.

O əlavə edib ki, üç ölkənin prezidentlərinin iclası yaxın 10 gün ərzində Tehranda keçiriləcək.

Herəvinin sözlərinə görə, son statistik məlumatlara əsasən, hazırda 6500-7000 əfqan mühacir İranda həbsdədir, lakin indiyədək İran rəsmiləri bu məsələ ilə bağlı Əfqanıstan tərəfinə konkret statistika açıqlamayıblar.

O əlavə edib ki, Əfqanıstan və Tacikistan arasında məhbusların mübadiləsi sahəsində müqavilə imzalanıb və bu müqavilə hazırda icra olunur. "Biz İranla da məhbusların mübadiləsinə dair imzalanmış müqavilənin icra olunmasında maraqlıyıq", - Herəvi deyib.

Herəvi İranda bəzi əfqanıstanlı məhbusların edamı ilə bağlı ölkəsinin narahatlığını qeyd edib. "İranın Əfqanıstandakı səfirliyi və İranın Xarici İşlər Nazirliyi ilə bu sahədə müzakirələr aparılıb. İran öhdəlik götürmüşdü ki, məhbusların mübadiləsinə dair imzalanmış müqaviləni icra etsin, lakin indiyədək bu həyata keçirilməyib", - o bildirib.

Bu il mayın 6-dan bir həftə ərzində ikinci dəfə olaraq İranın Kabildəki səfirliyinin qarşısında Əfqanıstan vətəndaşlarının İranda edam edilməsinə qarşı etiraz aksiyaları keçirilib. Bu etirazlar İranda cinayət törətmiş 45 Əfqanıstan vətəndaşının edam olunması ilə bağlı Əfqanıstan parlamentarilərinin açıqlamasından sonra başlamışdı. Lakin Əfqanıstanın Xarici İşlər Nazirliyi narkotik qaçaqmalçılığı ilə məşğul olan 6 əfqanın İranda edam olunmasını təsdiqləmişdi.

Herəvi İranda Əfqanıstandan olan məhbusların hüquqlarının qorunması ilə bağlı hələ də narahatlıqlarını bildirib. "Biz İran hökumətindən əfqan məhbusların hüquqlarının qorunmasını istəyirik, xüsusilə də istəyirik ki, məhbuslarımız vəkillə təmin olunsunlar, onların dəqiq statistikası açıqlansın, eləcə də məhbusların mübadiləsinə dair müqavilə icra olunsun", - Herəvi deyib.

Xəbər lenti

Xəbər lenti