Almaniya Federativ Respublikasının Prezidenti Kristian Vulf oktyabrın 18-dən 22-dək Türkiyədə rəsmi səfərdə olacaq. Məlumatı "Anadolu" agentliyi verib.
Vulf son ildə Almaniyanın Türkiyəyə səfər edən ilk Prezidenti olacaq. Prezidenti yüksək rütbəli alman məmurlardan ibarət nümayəndə heyəti, eləcə də aparıcı iş adamları müşayiət edəcəklər.
AFR Prezidentinin səfəri zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq, iki ölkə arasında əməkdaşlığın stimullaşdırılması ilə bağlı üsüllar haqqında fikir mübadiləsi aparılacaq. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının məlumatında deyilir.
Gözlənildiyinə görə, Vulf Ankarada Türkiyə parlamentində çıxış edəcək. Almaniya Prezidenti Kayseri şəhərində keçiriləcək biznes forumunda da iştirak edəcək, həmçinin, Tarsus və Adana şəhərlərinə səfər edəcək.
Bundan başqa, Kristian Vulf və Türkiyə Prezidenti Abdullah Gül İstanbulda Türkiyə-Almaniya Universitetinin təməlinin qoyulması mərasimində iştirak edəcəklər.