Milli zəmində yeni toqquşmalar bu gün Moskvada yenidən baş verə bilər. Qeyri-rəsmi məlumata görə, radikal yönümlü gənclərin toplaşması Moskva vaxtı ilə saat 15:00-da "Ostankino" telemərkəzinin yanında təyin olunub. Sosial şəbəkə və bloqlarda yazırlar ki, aqressiv əhval-ruhiyyəli gənclərin çıxışları "Profsoyuznaya" metrosunun yanında da baş verə bilər. Məlumatı RBK yazır.
Eyni zamanda şəbəkədə şayiələr gəzir ki, cavab aksiyalarını Qafqaz əsillilər də hazırlayırlar. Guya onlar bir həftə əvvəl millətçi və fanatların kütləvi aksiya keçirdikləri Manej meydanında görüşmək barədə razılığa gəlirlər.
Mümkün təxribatlarla əlaqədar Moskva milisi hələ də xidməti gücləndirilmiş iş rejimində aparır. Nəzəri cəhətdən gənclərdən ibarət qruplar arasında toqquşmaların mümkün olduğu rayon və şəhər mərkəzlərində patrul aparılır.
Xatırladaq ki, dekabrın 15-də Moskvada iğtişaşlarla əlaqədar 1300 nəfər saxlanılıb. Onların arasında futbol fanatları və millətçilər var. İğtişaş və lokal xarakterli toqquşmalar paytaxtın müxtəlif rayonlarında baş verib. Müxtəlif məlumatlara görə, 20 nəfərdən 40 nəfərədək xəsarət alan olub, bəzilərinin isə tibbi yardıma ehtiyacı olub.
Moskvada vəziyyət dekabrın 11-də futbol fanatları və millətçilərin Manej meydanında iğtişaşlar törətməsindən sonra gərginləşib. Nümayişçilər kabardin və balkarlarla davada öldürülən "Spartak"ın azarkeşi Yeqor Sviridovun qatilinin cəzalandırılmasını tələb ediblər.