Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü jurnalistlərə bildirib ki, Qəzzaya səfərlə bağlı konkret qərar qəbul etməyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti yazır.
Ərdoğan bildirib ki, Qəzzaya səfər məsələsi 12-13 sentyabrda Misirə səfər zamanı misirli həmkarlarla müzakirə ediləcək.
Sentyabrın 2-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər ikinci dərəcəli səviyyəyə keçib. Bundan əlavə, Ankara Təl-Əvivlə hərbi əməkdaşlığı dayandırıb.
Nazir deyib ki, Ankara öz səfirini Təl-Əvivdən geri çağırıb. Davudoğlu onu da bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Təl-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq.
İsrailin Müdafiə Nazirliyinin İnformasiya-Analitika İdarəsinin rəhbəri Amos Gilad bəyan edib ki, İsrail-Türkiyə münasibətlərinin pisləşməsinə baxmayaraq, İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək.
Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.