...

Ermənistanda prezidentliyə namizədə qarşı sui-qəsd faktı üzrə cinayət işi açılıb

Dünya xəbərləri Materials 1 Fevral 2013 10:29 (UTC +04:00)
Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd faktı üzrə cinayət işi açılıb.
Ermənistanda prezidentliyə namizədə qarşı sui-qəsd faktı üzrə cinayət işi açılıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd faktı üzrə cinayət işi açılıb. Bu barədə cümə günü ARKA agentliyinə polisin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aşot Aqaronyan bildirib.

Ermənistanda prezident seçkiləri namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunmasına görə təxirə salına bilər. Bunu cümə axşamı Ermənistan parlamentinin sədri Ovik Abramyan deyib.

"İş Ermənistan Cinayət Məcəlləsinin 34-305-ci maddəsi üzrə (dövlət, siyasi və ya ictimai xadimin onun fəaliyyətinin dayandırılması məqsədilə öldürülməsinə qəsd, on ildən on beş ilədək və ya ömürlük azadlıqdamn məhrumetmə ilə cəzalandırılır) qaldırılıb", - Aqaronyan bildirib.

Onun sözlərinə görə, birgə operativ-istintaq qrupu yaradılıb. Qrupa Polisin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları daxildir.

"İş MTX-nin icraatındadır", - Aqaronyan deyib.

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Çox güman ki, artıq səhər güllə onun bədənindən çıxarılıb.

Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.

Bu günlərdə namizəd prezidentliyə digər namizəd Andrias Qukasyanın analoji aksiyasının dəstəkləyərək üç günlük aclıq aksiyası keçirib.

Bu günlərdə MSK-da qeydiyyata alınmış səkkiz namizəddən üçü - Papuyr Ayrikyan, Raffi Ovanissyan və Qrant Baqratyan birgə bəyanat yayaraq hakimiyyətə qarşı bir sıra tələblər irəli sürüblər. Onlar son altı ayda Ermənistanın hüdudlarından kənarda yaşayan və səs vermək imkanına malik olmayan ölkə vətəndaşlarının siyahısının dərc edilməsinə çağırıblar. Bilavasitə seçkilərdə iştirak edənlərin siyasından ayrıca belə siyahıların təqdim olunması, üç namizədin fikrincə, bülletenlərin qutuya kütləvi atılması hallarının qarşısını almağa kömək edəcək.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti