Azərbaycan, Bakı, 13 mart /Trend/
Rusiyanın Kazan şəhərinin rayon məhkəməsi "Admiral" ticarət mərkəzinin əsas icarədarı, "Zarya" firmasının rəhbəri Hüseyn Qəhrəmanovun mayın 11-dək həbsdə saxlanılması barədə qərar verib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, "Ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuş yanğın təhlükəsizliyi tələblərinin pozulması" maddəsi üzrə cinayət işi qaldırılıb.
Qeyd edək ki, ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan 55 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır. Ölənlərin sayı 15 nəfərə çatıb. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur.
Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib. Binada olan 650 nəfər xilas edilib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən Trend-ə bildiriblər ki, ticarət mərkəzində baş verən yanğın zamanı üç azərbaycanlı ölüb. Onlardan biri qadın, biri yeniyetmə oğlandır. Digəri isə kimliyi məlum olan 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğludur.
Nümayəndəlikdən deyiblər ki, yanğın zamanı xəsarət alanlardan birinin kimliyi müəyyən olunub. O, Tağıyev Salam Bəxtiyar oğludur.
Ölən qadının isə Cəlilabad rayonundan olduğu müəyyənləşib. Öldüyü ehtimal edilən digər şəxsin isə Azərbaycan deyil, Türkiyə vətəndaşı olduğu dəqiqləşdirilib.