Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Hyustonun ən mötəbər məkanlarından sayılan "Zaza" otelində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilmişdir. Tədbir Hyuston şəhərində yerləşən "Azərbacan Mərkəzi"nin təşkilatçılığı və ARDNŞ-ın dəstəyi ilə keçirilmişdir.
Ziyafəti açıq elan edən "Azərbaycan Mərkəzi"nin direktoru İradə Axundova çoxsaylı qonaqlar qarşısında müstəqil Azərbaycan dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımızın tarixindən danışdı.
Bundan sonra çıxış edən Azərbaycan Respublikasının ABŞ-da səfiri Elin Süleymanov Hyuston şəhərində artıq üçüncü dəfədir ki bu bayramın qeyd edildiyini xatırladaraq bunun çox xoş ənənəyə çevrildiyini deyərək bununla bağlı "Azərbaycan Mərkəzi"nə və yerli Azərbaycan icmasına təşəkkürünü bildirmişdir.
Azərbaycanlı səfir, həmçinin eyni gündə Hyustonda böyük uğurla keçirilmiş "Cənubi Qaz Dəhlizi"nə həsr olunmuş konfransın təşkilində iştirakına görə də "Azərbaycan Mərkəzi"nə təşəkkürünü ifadə etmişdir.
Hal-hazırda Azərbaycan Respublikasının regionda liderə çevrildiyini qeyd edən səfir Azərbaycan bayrağının 1918-ci ildə ilk dəfə yüksəldildikdə onun yalnız Azərbaycanı deyil müəyyən mənada bütün müsəlman dünyasını təmsil etdiyini deyərək, o zaman yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti əhalisi arasında müsəlmanların çoxluq təşkil etdiyi ilk Respublika kimi tarixə düşdüyünü tədbir qonaqlarının diqqətinə çatdırmışdır.
Bundan sonra çıxış edən Texasın dövlət katibi Karlos Kaskos ölkəmiz üçün əlamətdar olan bu günü bölüşməkdən şad olduğunu bildirmiş, Azərbaycanla Texas arasında əlaqələrin genişlənməsi, o cümlədən texaslılarla azərbaycanlıların təmaslarının intensivləşməsində təmsil etdiyi ştatın maraqlı olduğunu söyləmişdir. Azərbaycan nümayəndələri ilə görüşləri zamanı xüsusilə iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə etdiyini bildirən Texas dövlət katibi Azərbaycana səfər etmək niyyətini vurğuladı. Sonda o, Texasın Qubernatoru Qreq Abbotun Azərbaycan xalqına təbriki və ən xoş arzularını çatdıraraq bu münasibətlə qubernator tərəfindən imzalanmış məktubu səsləndirdi.
Ziyafət zamanı həmçinin Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Hyuston meri Anis Parker və Texas Nümayəndələr Palatasının üzvü Alma Allen tərəfindən imzalanmış proklamasiyalar səsləndirildi. Mer Anis Parker 9 noyabr 2015-ci il tarixinin Hyustonda Azərbaycan Dövlət Bayrağı günü elan etmişdir. Tədbirdə bir sıra ölkənin Hyuston şəhərində baş konsulları, diplomatik korpusun digər nümayəndələri, akademik dairələrin təmsilçiləri habelə yerli Azərbaycanlı icmasının üzvləri iştirak etmişlər.