...

Tehranda su böhranı dərinləşir

Dünya xəbərləri Materials 20 Noyabr 2015 18:17 (UTC +04:00)
Son bir ildə Tehranda yeraltı su ehtiyatlarının səviyyəsi 1,5 metr azalıb.
Tehranda su böhranı dərinləşir

İran, Tehran. Təmkin Cəfərov - Trend:

Son bir ildə Tehranda yeraltı su ehtiyatlarının səviyyəsi 1,5 metr azalıb. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Energetika Nazirliyinin Tehran əyaləti üzrə Su və kanalizasiya idarəsinin rəis müavini Əlirza Nozəripur deyib.

O, qeyd edib ki, yeraltı su təbəqəsində su ehtiyatının səviyyəsi ötən illə müqayisədə1,5 m azalıb: "Vəramin və Şəhriyar səhrasında yerin 15-36 sm-dək çökməsi qeydə alınıb".

Ə.Nozəripur bildirib ki, İranda hər il orta hesabla 250 milimetr yağıntı düşür ki, Tehran əyaləti üçün bu göstərici 235 mm-dir: "Tehran əyalətində ildə bir milyard 350 milyon kubmetr su istehlak olunur. Tehranın Su və kanalizasiya idarəsi xarici investisiyalar hesabına tullantı sularının təmizlənməsindən 800 milyon kubmetr su satışını planlaşdırır".

O, əlavə edib ki, Tehran əyalətində su ehtiyatları çox məhduddur: "Yeraltı su təbəqələrindəki su ehtiyatlarının nizamsız istismarına görə əyalətin müxtəlif bölgərindəki səhralıq ərazilərdə çökmələr qeydə alınıb".

Ə.Nozəripur deyib ki, Tehran əyalətində 260 milyon avro dəyərində Çirkab sularının təmizlənməsi zavodunun inşası layihəsi xarici investorlara təqdim olunacaq.

Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci illərdəki quraqlıq İranın əkinçilik sahəsinə böyük ziyan vurdu və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq edildi. İranda yeni quraqlıq dövrü 2008-ci ilin yay aylarından başlayıb. Həmin vaxt ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olundu. İranda quraqlıq dövrü, adətən, 5-7 il arası olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti