Bakı. Elnur Bağışov – Trend:
İran Qazaxıstanla birgə iqtisadi əməkdaşlıqlar komissiyasının iclasının tezliklə keçirilməsini istəyir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında Qazaxıstan xarici işlər nazirinin 1-ci müavini Şoxrat Nurişevlə (Shakhrat Nuryshev) görüşdə deyib.
H.Əmir Abdullahianın sözlərinə görə, İran və Qazaxıstanın müxtəlif sahələrdə əməkdaşlıqları böyük əhəmiyyət kəsb edir.
Görüşdə müxtəlif siyasi, iqtisadi, mədəni sahələrdə iki ölkənin münasibətləri haqda danışıqlar aparılıb.
Qeyd edək ki, hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan.