Bakı. Trend:
İndoneziyada ötən gün futbol matçından sonra stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Şəriq Yava əyalətinin qubernatoru Emil Dardaka istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata əsasən, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi həlak olanların ailələrinə başsağlığı verib.
Xatırladaq ki, şənbə günü İndoneziyanın Malanq şəhərindəki stadionda "Arema" və "Persebaya" futbol komandaları arasında keçirilən oyundan sonra iğtişaşlar baş verib. Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihamın yaranmasına səbəb olub.