Bakı. Trend:
Cənubi Kaliforniya dağlarında helikopterin qəzaya uğraması nəticəsində ABŞ-dan olan beş dəniz piyadası itkin düşüb.
Trend BBC-yə istinadən xəbər verir ki, CH-53E Super Stallion helikopteri San Dieqo yaxınlığındakı Miramar Dəniz Piyadaları Hava Stansiyasına təlim uçuşunda olarkən itib.
Helikopter təyinat yerindən təqribən 72 km aralıda, komandanın gecikmə xəbərdarlığından sonra tapılıb. Lakin helikopterdə olan beş dəniz piyadasının taleyi hələ ki məlum deyil.
Çərşənbə günü yerli vaxtla saat 02:20-də itkin düşən təyyarə barədə yanğınsöndürmə qruplarına məlumat verilib.
Rəsmilərin məlumatına əsasən, axtarış işlərinə ərazidə güclü qar və soyuq hava şəraiti mane olub.
Qeyd edək ki, ilk dəfə 1981-ci ildə aktiv xidmətə təqdim edilən CH-53E Super Stallion Dəniz Korpusu aviasiyasının əsas dayağı hesab olunur və adətən nəqliyyat rolunda çıxış edir. O, 37 sərnişin daşıya bilir. ABŞ və Yaponiya donanmalarının da istifadə etdiyi helikopter qoşunla yanaşı, döyüş və təchizat daşınması üçün də istifadə olunur.
Bu, Kaliforniya dağlarında baş vermiş ilk helikopter qəzası deyil. Belə ki, 2018-ci ilin aprel ayında Super Stallionun Kaliforniya ştatının yaxınlığında təlim missiyası zamanı qəzaya uğraması nəticəsində dörd əsgər həlak olub. 2016-cı ilin yanvarında isə Havay adaları yaxınlığında Sakit okean üzərində iki Super Stallion toqquşması nəticəsində 12 dəniz piyadası ölüb.