...

İraq Türkmənistanla qaz tədarükünə dair müqavilə imzalayıb

Dünya xəbərləri Materials 10 Yanvar 2025 08:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraq Türkmənistanla qaz tədarükü üzrə yeni svop sazişi imzalayıb.

Trend-in İraq Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, sazişi İraqın elektroenergetika naziri Ziyad Əli Fazil və Türkmənistanın dövlət naziri, “Türkmənqaz” dövlət konserninin sədri Məqsəd Babayev Bağdadda imzalayıb.

Müqaviləyə əsasən, Türkmənistan qazı İranın boru kəmərləri vasitəsilə İraqa nəql ediləcək. Qış aylarında gündəlik 10 milyon kubmetr, yay aylarında isə 20 milyon kubmetr qazın tədarükü nəzərdə tutulur. Ümumilikdə, İraq yay mövsümündə qaz tələbatının 50 faizini bu yeni mənbədən təmin etməyi planlaşdırır.

İraqın elektroenergetika naziri bildirib ki, hazırda ölkə yay aylarında gündəlik 50 milyon kubmetr qaz alır və əsas tədarükçüsü İran olaraq qalır. İranla qaz tədarükünə dair 5 illik müqavilə qüvvədədir.

Nazir əlavə edib ki, maliyyə ilə bağlı bəzi texniki prosedurlar tamamlandıqdan sonra Türkmənistan qazının İraqa tədarükünə başlanacaq.

Xatırladaq ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani son səfərində İranla Türkmənistan qazının nəqli üçün prosedurların sadələşdirilməsini müzakirə edib. Eyni zamanda, elektrik enerjisinə artan tələbat fonunda İrandan qaz tədarükündə yaranan gecikmələr və fasilələr də səfər zamanı diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti