Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 16-cı paketi çərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazından (LNG) mərhələli şəkildə imtina etməyi və Rusiyadan alüminium idxalına qadağa qoymağı nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, alüminium tədarükünə qoyulacaq məhdudiyyətlərin müddəti və miqyası hələlik müəyyən edilməyib. Eyni zamanda, Rusiyadan LNG-nin mərhələli şəkildə çıxarılmasının hansı formatda elan ediləcəyi dəqiqləşdirilməyib. Bu tədbirlər Avropa Komissiyasının gələn ay təqdim etməyi planlaşdırdığı ya sanksiyalar paketi, ya da yol xəritəsinin bir hissəsi kimi təqdim edilə bilər.
Yeni paket çərçivəsində Aİ, həmçinin Rusiya gəmilərinə qarşı əlavə sanksiyalar tətbiq etməyi və bəzi Rusiya banklarını SWIFT sistemindən ayırmağı nəzərdə tutur. Çin və BƏƏ kimi üçüncü ölkələrdəki bəzi şirkətlər də bu məhdudiyyətlərə daxil edilə bilər.