Bakı. Trend:
İranın yol və şəhərsalma naziri və Rusiyanın nəqliyyat naziri arasında iki ölkənin 2025-ci il üçün nəqliyyat və yükdaşıma üzrə yol xəritəsi imzalanacaq.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bu gün (15 yanvar) Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, ötən 1,5 yarım ay ərzində onunla Rusiyanın nəqliyyat naziri Roman Starovoyt arasında minimum 4 görüş keçirilib. Bu görüşlər çərçivəsində quru yol, dəmiryolu, dəniz yolu vasitəsi ilə yükdaşıma və nəqliyyat üzrə danışıqlar aparılıb və sözügedən yol xəritəsi razılaşdırılıb.
Sadiq bildirib ki, məlum olduğu kimi 2023-cü ildə İran və Rusiya arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikilməsi ilə əlaqədar saziş imzalanıb. Bununla əlaqədar Rusiya səfərində növbəti razılaşmaların əldə olunacağı gözlənilir.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvarda Rusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında hərtərəfli strateji əməkdaşlıq sənədi imzalanacaq.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.