Bakı. Trend:
Boliviyanın Tarixa departamentinin məhkəməsi insan alverində şübhəli bilinən keçmiş prezident Evo Moralesin həbsinə order verilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.
Trend "El Deber" qəzetinə istinadən xəbər verir ki, məhkəmə Moralesin vəkillərinin bütün vəsatətlərini rədd edib. Keçmiş prezident məhkəmə iclasına qatılmayıb.
2024-cü ilin dekabrında Morales rəsmi olaraq insan alveri və qaçaqmalçılıq cinayətlərində ittiham edilib. Prokurorluq onun həbsinə order verib. İnsan alveri ilə bağlı istintaq 2016-cı ildə başlasa da, 2023-cü ilin oktyabrında müvəqqəti dayandırılıb, sonra yenidən bərpa olunub.
Yeni ittihamlara görə, 15 yaşlı qızın valideynləri dövlət sektorunda karyera qurmaq məqsədilə qızlarını Moraleslə tanış ediblər. Bu tanışlıq nəticəsində qız hamilə qalıb. Azyaşlıya qarşı cinsi xarakterli hərəkətlərlə bağlı istintaq 2020-ci ildə açılsa da, indiyədək yekunlaşmayıb.