Bakı. Trend:
London meri Sadiq Xan məşhur amerikalı müğənni Teylor Sviftin konsertinə pulsuz bilet qəbul etdiyinə görə araşdırma ilə üzləşib.
Trend “BBC”yə istinadən xəbər verir ki, araşdırmanın başlanmasını London Assambleyasının Mühafizəkarlar Partiyasından olan üzvləri tələb ediblər.
Məlumata görə, Sadiq Xanın qəbul etdiyi biletlər barədə məlumat “City Hall” reyestrində düzgün və vaxtında təqdim edilməyib. Merin mətbuat xidməti isə hədiyyənin şəffaf şəkildə bəyan edildiyini, lakin inzibati bir səhv səbəbindən qeydlərdə gecikmə olduğunu və bu problemin daha sonra aradan qaldırıldığını açıqlayıb.
Xatırladaq ki, Sadiq Xan ötən ilin avqust ayında Londondakı Uembli stadionunda Teylor Sviftin konsertini izləmək üçün özəl bir şirkətdən 3 min funt-sterlinq dəyərində altı pulsuz bilet alıb. Onunla birlikdə “City Hall”un beş əməkdaşı, o cümlədən iki yüksəkvəzifəli şəxs də lojada iştirak edib.