Bakı. Trend:
Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində azı 70 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Nigeriyanın Yol Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilir ki, 60 ton benzin daşıyan sistern naməlum səbəbdən aşıb və yanacaq yola dağılıb. Yerli sakinlər yanacağı yığmaq istədikdə partlayış baş verib.
Nigeriyada yolların vəziyyəti qənaətbəxş olmadığı üçün vaxtaşırı qəzalar baş verir. Sentyabrda yanacaqdaşıyan sisternin qoyun sürüsünə çırpılması nəticəsində 60-dan çox adam ölüb. Bu hadisədən 1 ay sonra oxşar qəzada 170 nigeriyalı həyatını itirib.