Bakı. Trend:
ABŞ-də TikTok mobil tətbiqi istifadəçilər üçün yenidən aktivləşdirilib.
Trend xəbər verir ki, proqrama daxil olan istifadəçiləri “Yenidən xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın səyləri sayəsində TikTok yenidən ABŞ-yə qayıdır” mesajı qarşılayır. “Davam et” düyməsinə basdıqdan sonra xidmət normal rejimdə işləməyə başlayır. Bununla belə, tətbiq hələ də Apple App Store-da yükləmə üçün əlçatan deyil.
Qeyd edək ki, TikTok-un ABŞ-də qadağan edilməsi hazırkı prezident Co Baydenin 2024-cü ildə imzaladığı qanunla bağlıdır. Bu qanuna əsasən, TikTok-un sahibi olan Çin korporasiyası ByteDance tətbiqi 19 yanvar tarixinə qədər ABŞ şirkətinə satmalıdır. TikTok isə qadağanın əməliyyat şirkətinin texnoloji tərəfdaşları üçün cərimələrlə nəticələnməyəcəyinə dair dəqiq zəmanət almadığı halda, platformanın həmin tarixdə ABŞ-dəki fəaliyyətini dayandıracağını bildirib.