...

Bayden administrasiyası və Blinkenin Azərbaycana münasibəti ikili standartlara əsaslanan siyasətin təsdiqi idi – ŞƏRH

Siyasət Materials 19 Yanvar 2025 12:00 (UTC +04:00)
Bayden administrasiyası və Blinkenin Azərbaycana münasibəti ikili standartlara əsaslanan siyasətin təsdiqi idi – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Reallıq budur ki, Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə irəliləyişə nail olundu. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni Azərbaycana Ermənistan-Azərbaycan, ya da Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Millət vəkili bildirib ki, Bayden administrasiyası Azərbaycana qarşı, xüsusilə Qarabağ məsələsində ədalətsiz mövqe nümayiş etdirdi:

“Bu mövqe ədalətsiz olmaqla yanaşı, ikili standartlara əsaslanan siyasətin təsdiqi idi. Dövlətimizin başçısı həmin müsahibədə bu məqamı da açıqladı ki, Amerika nümayəndələrinə dəfələrlə bildirib - Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə bizi cəzalandırmaq istəyirsiniz?”

Vüqar Rəhimzadənin sözlərinə görə, Bayden administrasiyası Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı:

“Azərbaycana qarşı tətbiq edilən ədalətsiz 907-ci düzəlişin hansı hallarda gündəmdə saxlanıldığına diqqət yetirək. 2001-ci idə ABŞ-də baş verən terror aktı Amerikanın Azərbaycana qarşı siyasətində dəyişikliyə yol açdı. ABŞ administrasiyası bu düzəlişin ədalətsiz olduğunu təsdiqləyərək, onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Sonrakı illərdə bu qərar təkrar-təkrar təsdiqlənərək fəaliyyəti donduruldu. Diqqət çəkən ədalətsiz qərarın birdəfəlik ləğvinin “mümkünsüz” olmasıdır. Sual olunur: Niyə? Təbii ki, yenə də ikili standartlara əsaslanan siyasət. Dövlətimizin başçısının müsahibədə qeyd etdiyi kimi, Azərbaycan onlara lazım olanadək 907-ci düzəliş - sanksiya qaldırılırdı. Elə ki, lazım olmadıq, tətbiq etdilər. Bunun bir adı var: nankorluq.

Belə olan təqdirdə hansı inamdan, uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər? Bu gün dünya xalqları ABŞ-yə inanmır və bu ölkəni qarışıqlıq, təcavüz, böhran, faciə və siyasi və iqtisadi kataklizmlər ixrac edən bir mərkəz kimi qiymətləndirirlər. Bu, Bayden Administrasiyasının və Blinkenin son 5 ildəki fəaliyyətinin nəticəsidir.

Bayden administrasiyası, Blinken tarixdə qalacaqlar. Amma dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıq və xəyanət nümunələri kimi Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə aparan feminizm, sorosçu şəbəkənin parlaq nümayəndələrindən biridir. Təsadüfi deyil ki, Bayden Administrasiyasının mükafatlandırdığı şəxslər arasında Corc Soros da oldu.

Blinkenin simasızlığı, riyakarlığı ABŞ-nin Azərbaycan-Ermənistan danışıqlarından və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırılması, öz mövqelərini itirməsi ilə nəticələndi. Əslində, nə Azərbaycan, nə də erməni xalqı Blinkeni heç maraqlandırmır da. Onun əsas məqsədi gedən məqamda bir sülhpərvər obrazı yaratmaq və keçmiş münaqişəyə son qoyan “sülh göyərçini” kimi tarixə düşmək, bəlkə də buna görə Nobel sülh mükafatı almaq idi. Amma alınmadı”.

Deputat qeyde dib ki, Bayden administrasiyasının fəaliyyəti Amerikaya heç bir uğur qazandırmadı,əksinə imicinə bəyük zərbə vurdu.

“Dünya nizamının yenidən formalaşdığı bir dövrdə Amerikanın itirdiyi mövqeni bərpa etməsi üçün Tramp administrasiyasının üzərinə böyük məsuliyyət düşür. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunması əsasdır. Daim bu məsələni yürütdüyü siyasətin önündə saxlayan Azərbaycan bunu böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərin qarşısında əsas çağırış kimi qoyur. Təbii ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq.

Tramp administrasiyasına ümidlər böyükdür. Bunu Trampın açıq mesajları da təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmağın da mümkün olacağına əminliyini belə ifadə edir: “Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”, - deyə V.Rəhimzadə qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə Trend-ə açıqlamasında bildirib ki, ABŞ və Ermənistan arasında tərəfdaşlıq haqqında saziş Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə yönəlib:

“Bayden administrasiyasının hakimiyyətdən getməsi ərəfəsində belə bir addım atması qəbulolunmazdır. Çünki sazişin bir sıra müddəaları Azərbaycanın milli maraqlarına ziddir. Sazişdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi yolverilməzdir. Çünki belə bir inzibati ərazi vahidi yoxdur.

Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman beynəlxalq birlik işğalçıya qarşı təsirli addımlar atmadı. Bu prosesdə dünyanın aparıcı dövlətləri xüsusilə susqunluq nümayiş etdiriblər. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş ABŞ də Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış edib. Həmin dövrdə ABŞ və digər həmsədrlər təzavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəliş ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bayden administrasiya daim ölkəmizə qərəzli mövqe sərgiləyib.

“Sorosçu kimi tanınan dövlət katibi Blinken özünü “sülh göyərçini” kimi təqdim edərək tərəflər arasında vasitəçilik etmək görüntüsü yaradırdı. Lakin Ermənistanın tərəfini tutan Bayden administrasiyası heç vaxt ədalətli sülhün tərəfdarı kimi çıxış etməyib. Biz dəfələrlə Dövlət Departamentinin Azərbaycana qarşı qərəzli bəyanatlarının şahidi olduq. Ona görə də, rəsmi Bakı Blinken tərəfindən son vaxtlarda irəli sürülən vasitəçilik təkliflərini qəbul etməyib.

Artıq hakimiyyəti başa çatmaqda olan Bayden administrasiyası uğursuz siyasəti ilə dünyanın bir sıra bölgələrində gərginliyin yaradılmasına səbəb olub. Bu administrasiya rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətinə də zərbə vurub. Bütün bunların fonunda Ermənistanla imzalanmış sənəd regonumuzda sülhə və sabitliyə xidmət etmir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti