Bakı. Trend:
ABŞ-nin Texas ştatında baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı ən azı 80 nəfərə yüksəlib.
Trend-in CNN telekanalına istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Daha əvvəl 50 nəfərin öldüyü bildirilirdi.
CNN-in saytında dərc olunan məlumatda qeyd olunur:
"Texasın bir neçə dairəsində rəsmi şəxslər hazırda daşqınla
əlaqədar 80 nəfərin ölümünü təsdiqləyiblər."
Ən çox ölüm halı Kerr dairəsində qeydə alınıb – burada azı 68 nəfərin həyatını itirdiyi təsdiqlənib.
Qeyd edək ki, daşqınlarla bağlı xilasedici və axtarış işləri davam edir. Ştatda fövqəladə vəziyyət rejimi tətbiq olunub.
XXX
01:27
ABŞ-nin Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 68-ə yüksəlib.
Trend-in məlumatına görə, yerli hakimiyyət orqanları Kerr qraflığında 59 nəfərin, qonşu ərazilərdə isə daha 9 nəfərin öldüyünü açıqlayıb.
Daşqınların baş verdiyi xristian yay düşərgəsində əvvəlcə 27 nəfər qızın itkin düşdüyü bildirilsə də, son məlumata görə onların sayı 11-ə enib.
ABŞ Prezidenti Donald Tramp fəlakətlə əlaqədar Texas ştatında fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, baş verən daşqınlardan sonra xilasedicilər dağılmış çay sahillərində və dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Daha əvvəl hadisə nəticəsində azı 51 nəfərin, o cümlədən 15 uşağın həyatını itirdiyi bildirilirdi.