Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir: "Pençe-Kilit antiterror əməliyyatı bölgəsindəki əməliyyat-axtarış tədbirlərində 2022-ci ilin 28 may tarixində terrorçuların açdığı atəş nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin bir nəfər zabitinin nəşinin axtarışı zamanı cari ilin 6 iyul tarixində mağarada metan qazından təsirlənən 19 türk hərbi qulluqçusundan 5 nəfərinin şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan qəti
mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və
Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların
yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə
başsağlığı verirəm. Müalicə olunan hərbi qulluqçulara isə tezliklə
sağalmaları üçün Allahdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".