Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmerin reytinqi onun hökumət başına gəlməsindən sonra ilk dəfə olaraq ciddi şəkildə aşağı düşüb.
Trend “The Sunday Times” nəşrinə istinadən xəbər verir ki, vətəndaşların əksəriyyəti Leyboristlər hökumətini əvvəlki Mühafizəkarlar hakimiyyəti qədər, bəzən isə daha çox xaotik hesab edir.
“More in Common” tədqiqat mərkəzinin keçirdiyi sorğuya əsasən, seçicilər Starmeri 5 milyard funt sterlinq dəyərindəki sosial müavinətlərin azaldılması planından geri çəkildiyinə görə tənqid edirlər. Qərarın ləğvi zamanı maliyyə naziri Reyçel Rivzin parlamentdə emosional anlar yaşaması ictimaiyyətin etimadına daha da mənfi təsir göstərib.
Sorğunun nəticələrinə görə, Starmerin təsdiq reytinqi -43 səviyyəsində olub. Seçicilərin 70 faizi Leyboristlər hökumətinin qeyri-sabitliyini Mühafizəkarlar dövrü ilə müqayisə edərək, bəzən daha xaotik olduğunu düşünür.