Bakı. Trend:
"McLaren" komandasının pilotu Lando Norris Britaniya Qran Prisində birinci yeri tutaraq qalib olub.
Trend xəbər verir ki, onun komanda yoldaşı, dünya çempionatının lideri Oskar Piastri yarışı ikinci pillədə başa vurub. "Kick Sauber" pilotu, almaniyalı Niko Hülkenberq isə karyerasında ilk dəfə podiuma yüksələrək üçüncü yeri qazanıb.
"Ferrari"nin pilotu, yeddiqat dünya çempionu Lyuis Hemilton dördüncü, hazırkı dünya çempionu və "Red Bull" təmsilçisi Maks Ferstappen isə beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Piastri 234 xalla 2025-ci il dünya çempionatına liderlik etməyə davam edir. Lando Norris isə 226 xalla ikinci pillədə qərarlaşıb.