Bakı. Trend:
İstanbulda Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII hesabat-seçki qurultayı keçirilib.
Trend xəbər verir ki, Türkiyənin nüfuzlu "Demirören Haber Ajansı" (DHA), Anadolu Agentliyi (AA), "Haberler.com", Star qəzeti, "Sondakika.com", "HaberErk" nəşrləri və digər kütləvi informasiya vasitələri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mötəbər tədbirdə iştirakını geniş işıqlandırır.
Belə ki, DHA-nın yaydığı məlumata əsasən, iki gün davam edən qurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106 nümayəndədən 90 nəfəri istirak edib. Qurultaydan sonra TADEF-in yeni İdarə Heyətinin toplantısı keçirilib.
DHA qeyd edir ki, tədbirdə çıxış edən Fuad Muradov bildirib: "Bu gün Türkiyə-Azərbaycan cəmiyyəti üçün çox vacib bir gündür. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) yeni idarə heyəti üzvləri seçildi. İki gün davam edən bu seçkilər nəticəsində Türkiyədə fəaliyyət göstərən ən böyük idarə heyəti formalaşdırıldı. Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Əsas məqsədimiz, əlbəttə ki, dərnəklərimizin daha səmərəli fəaliyyət göstərməsidir. Bunun üçün həm diaspora olaraq, həm də TADEF olaraq müxtəlif təşəbbüslər həyata keçirmişik. Türkiyənin bütün bölgələrində fəaliyyət göstərən dərnəklər işlərini təqdim edirlər. Biz də Azərbaycan dövləti olaraq onların təşəbbüslərini dəstəkləyirik. Hazırda diaspor fəaliyyətimiz 70-dən çox ölkədə mövcuddur. Türkiyədə bizim alimlərimiz, sənətçilərimiz var. Bu dostluq və qardaşlıq bütün sahələrdə özünü göstərir", - F.Muradov bildirib.
Öz növbəsində, Anadolu Agentliyi qeyd edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycana verdiyi daimi dəstəyə görə Türkiyəyə təşəkkür edib. "Müharibə dövründə olduğu kimi, indi də Türkiyənin Azərbaycana dəstək verdiyini vurğulayan F.Muradov, Azərbaycanın Türkiyə kimi bir qardaşımı olduğundan xoşbəxt olduğunu dilə gətirib", - deyə AA qeyd edir.
Bundan əlavə, Star qəzeti bildirir ki, TADEF-in tədbirində çıxış edən Fuad Muradov 2024-cü ilin Azərbaycan diasporu üçün uğurlu bir il olduğunu vurğulayaraq, təşkilatlarının peşəkarlığının hər il artdığını qeyd edib. Türk və Azərbaycan cəmiyyətlərinin birgə fəaliyyətinin hər kəs üçün vacib olduğunu vurğulayan F.Muradov bildirib: "Millət vəkillərinin Azərbaycan cəmiyyətinə dəstək verməsi, bu iki ölkə arasındakı dostluq və qardaşlığın birbaşa nümunəsidir,".
Qeyd edilib ki, tədbirdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri çıxışından sonra MHP sədrinin müavini İlyas Topsakal, TADEF sədri Adalet Turan və TADEF sədrinin müavini Settar Kayaya medallar təqdim edib.
"Haberler.com" nəşri F.Muradovun çıxışını işıqlandıraraq bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyənin son dövrlərdəki xarici siyasətdəki uğurlarına diqqət çəkərək, Azərbaycanın xaricdəki nümayəndəliklərinin fəaliyyətlərindən bəhs edib.
F.Muradov “Azərbaycan Evləri”nin son bir ildə xaricdə genişlənməkdə davam etdiyini və yaxın gələcəkdə Liviya, Livan və İraqda da "Azərbaycan Evləri"nin açılmasının planlaşdırıldığını bildirib.
Öz növbəsində, "Sondakika.com" nəşri F.Muradovun Azərbaycan ədəbiyyatının və dilinin inkişaf etdirilməsi ilə bağlı mövqeyinə toxunur. Bildirilir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, dünyada bir xalqın inkişafından danışdıqda, dil məsələsi önəm daşıyır. "Bu gün biz İranda yaşayan soydaşlarımızın Azərbaycan dilində danışmasını çox istəyirik. Bu baxımdan, Türkiyədə də çoxlu dərnəklər fəaliyyət göstərir. Məqsədimiz Azərbaycan ədəbiyyatını və dilini inkişaf etdirməkdir. Bu istiqamətdə çalışırıq və dəstək veririk. Əgər bütün xalqların öz dilində danışmaq haqqı varsa, bu, bütün ölkələrdə tətbiq olunmalıdır. İran da istisna deyil. Bu baxımdan, soydaşlarımızla çox ciddi işlər həyata keçirmişik", - deyə F.Muradovun sözləri sitat gətirilir.
Bundan əlavə, "HaberErk" nəşri qeyd edib ki, Fuad Muradovun sözügedən tədbirdə iştirak etməsi xüsusi əhəmiyyət daşıyıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin çıxışına toxunan nəşr qeyd edib ki, F.Muradov Azərbaycanın xaricdə yaşayan vətəndaşlarının bir araya gələrək həmrəy olmalarının vacibliyini vurğulayıb. Həmçinin, diasporanın ölkənin tanıdılması işində oynadığı rolu qeyd edərək, o, bu sahədə görüləcək işlərin əhəmiyyətinə diqqət çəkib.