Bakı. Trend:
Azərbaycanla Gürcüstan arasında əlaqələr bütün sahələrdə, o cümlədən siyasi sferada hər zaman çox yüksək səviyyədə olub. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi də bunu təsdiq edir. Bu səfər göstərdi ki, Cənubi Qafqazın bu iki respublikası arasında strateji məzmun daşıyan əlaqələr yüksələn xətlə inkişaf etməkdədir.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Gürcüstanda keçirilən parlament seçkilərində bu ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbə qazanması münasibətilə Baş nazir İrakli Kobaxidzeni ilk təbrik edənlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev olmuşdu. Təbrik məktubunda seçkilərin nəticələrinin Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edən möhtərəm Prezident İlham Əliyev eyni zamanda siyasi dialoqu davam etdirmək üçün münasib vaxtda İrakli Kobaxidzeni Azərbaycana səfərə dəvət etmişdi.
Azərbaycan və Gürcüstan hər zaman dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün də iki dövlət arasındakı əlaqələr tarixi ənənələrə söykənərək inkişaf edir. Xüsusən Azərbaycanın enerji və digər iqtisadi layihələri iki dövlət arasındakı münasibətlərə yeni məzmun gətirib. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, «Cənub Qaz Dəhlizi»nin inşası iki dövlət arasındakı əlaqələri tamamilə yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Azərbaycanın və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı bu nəhəng layihələr ikitərəfli əməkdaşlığa xidmət etməklə yanaşı, regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Gürcüstan vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə isə bu ixrac daha da artır. Belə ki, 2024-cü ildə Azərbaycan Gürcüstandan tranzit keçməklə 25 milyard kubmetr təbii qaz ixrac edib.
Gürcüstanın regionun tranzit dövlətinə çevrilməsi onun maliyyə imkanlarının yüksəlməsinə, əhalisinin sosial rifahının daha da yaxşılaşmasına gətirib çıxarıb. Eyni zamanda bu ölkə istehlak etdiyi təbii qazın 80 faizindən çoxunu Azərbaycandan alır.
Azərbaycan həm də Gürcütana sərmayə yatıran əsas ölkədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan bu ölkənin iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bütün bunlar onun iqtisadi inkişafına, dövlət büdcəsinin formalaşmasına böyük töhfələr verir. Azərbaycan həm də ayrı-ayrı vaxtlarda Gürcüstana dostluq və qardaşlıq əlini uzadıb, çətin vaxtlarında onu darda qoymayıb. Gürcüstanda enerji böhranı yarananda dərhal kömək edən məhz Azərbaycan olub.
Azərbaycanın Gürcüstana olan dəstəyi, öz enerji layihələri ilə onun inkişafına verdiyi mühüm töhfələr həm də respublikamızın Cənubi Qafqazın lideri olduğunu göstərən amillərdəndir. Lakin Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da söz sahibi, etimad göstərilən dövlət kimi tanınır, Prezident İlham Əliyev dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanır. Bunu Gürcüstan hakimiyyəti də görür və dəyərləndirir. Ümumiyyətlə isə Gürcüstanda hakimiyyətdə olan bütün siyasi qüvvələr, dövlət və hökumət başçıları bu reallıqları hər zaman yüksək qiymətləndiriblər. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi də bu reallıqlara söykənir. Bu baxımdan Baş nazir İrakli Kobaxidzenin Bakıda mətbuata açıqlamasında söylədiyi fikirlər də göstərir ki, Prezident İlham Əliyev dünyanın nüfuzlu və ehtiramla qarşılanan siyasi liderlərindəndir.
«Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur» - deyə Baş nazir İrakli Kobaxidze Prezident İlham Əliyevlə bağlı deyib.
İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi həm də iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Prezident İlham Əliyev indiyə kimi Gürcüstanda 1 dəfə dövlət, 1 dəfə rəsmi, 9 dəfə işgüzar səfərdə olub. Gürcüstanın da bütün dövlət və hökumət başçılarına Azərbaycanda rəsmi və işgüzarlar səfərlərdə olublar. Və hər bir səfər əlaqələrin daha da inkişafında, xüsusən siyasi, iqtisadi və humanitar sferalarda daha da genişlənməsinə xidmət edib.
Siyasi əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda iki dost dövlətlər bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Bütün bunlarla yanaşı indiyə kimi iki ölkə arasında 120-dən artıq sənədin imzalanması əlaqələrin yüksək səviyyədə olmasını göstərən mühüm faktordur.
Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri bu gün də uğurla inkişaf edərək, hər iki dövlətin maraqlarına xidmət edir. Qarşılıqlı əlaqələrdə fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Bununla belə Baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfəri göstərdi ki, hər iki dövlət ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə daha da dərinləşdirməkdə və genişləndirməkdə maraqlıdır. Ona görə bu səfər Azərbaycan-Gürcüstan əlaqələrində yeni səhifə açacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı