Bakı. Trend:
Böyük Britaniya Ukrayna ilə yeni iqtisadi müqavilə imzalayıb. Müqaviləyə əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi alışlar üçün 2 milyard dollar kredit alacaq.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa liderlərinin Ukrayna üzrə görüşündən sonra Londonda keçirilən mətbuat konfransında bildirib.
“Bu gün mən Ukraynaya Böyük Britaniyanın 1,6 milyard funt-sterlinq kreditindən Belfastda istehsal olunacaq 5 mindən çox zenit-raket kompleksi almaq üçün istifadə etməyə imkan verən yeni iqtisadi sazişi elan edirəm”, – deyə Starmer vurğulayıb.
Britaniya hökumətinin başçısı həmçinin xatırladıb ki, London və Kiyev Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 2,26 milyard funt-sterlinq məbləğində kreditin verilməsi haqqında saziş imzalayıb.