Bakı. Trend:
İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ərəb ölkələrinin Qəzzanın bərpası və yenidən qurulması təşəbbüsünü alqışlayıblar.
Trend xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Dörd ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub ki, sözügedən plan Qəzzanın yenidən qurulması üçün real yol təqdim edir və həyata keçirildiyi təqdirdə bölgədə yaşayan fələstinlilərin çətin həyat şəraitinin sürətli və davamlı şəkildə yaxşılaşmasına töhfə verəcək. Bildirilib ki, bərpa və yenidənqurma səyləri uzunmüddətli sülh və təhlükəsizliyi təmin edəcək siyasi və təhlükəsizlik çərçivəsinə əsaslanmalıdır.
Nazirlər vurğulayıblar ki, HƏMAS artıq Qəzzanı idarə etməməli və İsrail üçün təhlükə yaratmamalıdır. Onlar Fələstin Muxtariyyətinin bu prosesdə mərkəzi rolunu və islahat gündəliyinin həyata keçirilməsini açıq şəkildə dəstəklədiklərini bildiriblər.
Bəyanatda, həmçinin ərəb dövlətlərinin bu bərpa və yenidənqurma planına verdiyi töhfənin əhəmiyyətinin yüksək qiymətləndirildiyi vurğulanıb. “Təhlükəsizlik və idarəetmə məsələlərinin birgə həlli üçün ərəb, fələstinli və israilli tərəfdaşlarla işləməyə sadiqik. Bütün tərəfləri bu planın mahiyyəti üzərində işləməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunub.