Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Venesuela ABŞ-dən deportasiya edilən vətəndaşlarını qəbul etməlidir.
Trend xəbər verir ki, əks halda Vaşinqton Karakasa qarşı yeni sanksiyalar tətbiq edə bilər.
"Venesuelanın ABŞ-dən repatriasiya olunmuş vətəndaşlarını qəbul etmək öhdəliyi var. Bu, müzakirə və ya danışıqlar mövzusu deyil", – o, X sosial şəbəkəsində yazıb.
Rubio əlavə edib ki, əgər Venesuela prezidenti Nikolas Maduronun rejimi deportasiya edilən şəxslərin təyyarələr vasitəsilə ölkəyə qaytarılmasına mane olarsa, ABŞ yeni, sərt və gücləndirilmiş sanksiyalar tətbiq edəcək.
Bundan əvvəl Salvador prezidenti Nayib Bukele açıqlamışdı ki, ABŞ Venesuelanın "Tren de Araqua" cinayətkar qruplaşmasının 238 üzvünü yerli həbsxanalarda cəzalarını çəkmək üçün geri göndərib. Maduro isə ABŞ-nin venesuelalı miqrantlara qarşı siyasətini ədalətsiz, qeyri-qanuni və insan haqlarının kobud pozulması kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl 1798-ci il Yad Düşmən Aktı əsasında deportasiyalarla bağlı bəyannamə imzalamışdı.