Bakı. Trend:
Fransa hakimiyyəti, rusiyalı milyarder Süleyman Kerimovun iştirakı ilə ehtimal olunan çirkli pul yuma sxemi ilə bağlı araşdırmaya başlayıb, bu isə Fransa Prezident Emmanuel Makronun ətrafı ilə mümkün əlaqələr barədə suallar doğurub.
Trend xəbər verir ki, martın 27-də Fransa İqtisadiyyat və Maliyyə Nazirliyində istintaq çərçivəsində axtarış aparılıb. Bu, Rusiyadan gələn vəsaitlərin yuyulmasında istifadə edildiyi iddia edilən daşınmaz əmlak əməliyyatları ilə bağlı məhkəmə araşdırmasının bir hissəsi olub. İstintaqın mərkəzində Fransa Rivyerasında yerləşən və dəyəri 38 milyon avrodan çox olan villalar dayanır. Prokurorluğun məlumatına görə, bu əmlaklar həqiqi sahibini – sanksiya altında olan Süleyman Kerimovu gizlətmək məqsədilə saxta şəxslərin adına rəsmiləşdirilib.
Bundan əlavə, oliqarx Süleyman Kerimovun maliyyə sxemləri ilə bağlı məhkəmə araşdırmasında vergi hüquqşünası Frederik Moreas da adı keçən şəxslər arasındadır. O, 2017-ci ildən bəri Bricit Makronun qızı Tifen Ozyerlə birlikdə çalışır. Onları şəxsən Fransa Prezidenti Emmanuel Makron tanış edib.
Onlar bir-birini yaxşı tanıyırlar: Frederik Moreas, Emmanuel Makronun startap yaratmaq imkanlarını nəzərdən keçirdiyi dövrdə ona birbaşa hüquqi məsləhətlər verib.
Xüsusi diqqət, 2019-cu ildə Kerimov və Fransa hakimiyyəti arasında imzalanmış vergi razılaşmasına yönəlib. İstintaq, həmin zaman danışıqlara qanunsuz təsirin olub-olmadığını araşdırır. KİV-də yayılan məlumatlar isə bu məsələnin Makronun ən yaxın ətrafı ilə əlaqəli ola biləcəyini göstərir.
Kerimov 2014-cü ildən bəri Fransa hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Buna səbəb onun şübhəli maliyyə fəaliyyətləri, o cümlədən Antib şəhərində dəyəri 127 milyon avro olan bir villanın alış qiymətinin bilərəkdən aşağı göstərilməsi olub. Onun 2017-ci ildə Nitsada həbsi Fransa və Rusiya arasında diplomatik gərginliyə səbəb olmuşdu, lakin sonradan ittihamlar ləğv edilmişdi.
Yeni ortaya çıxan faktlar fonunda prokurorluq işi yenidən nəzərdən keçirir. Müşahidəçilər isə araşdırmanın yüksək vəzifəli məmurlara və ya Fransa prezidentinin yaxın ətrafına təsir edib-etməyəcəyini diqqətlə izləyir.