Bakı. Trend:
Almaniyanın Hannover şəhərində (Aşağı Saksoniya) qocalar evində baş verən yanğın nəticəsində 50-dən çox insan xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə DPA agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, üç nəfər ağır bədən xəsarətləri alıb. Yanğın tibb işçiləri tərəfindən gün ərzində qocalar evinin otaqlarından birində müşahidə edilib. Yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını alsalar da, tüstü binanın digər hissələrini bürüyüb.
Məlumata görə, üst mərtəbə artıq yaşayış üçün yararsız hala düşüb. Yanğınsöndürmə idarəsinin sözçüsü bildirib ki, zərərçəkən sakinlər qocalar evinin digər ərazilərinə köçürüləcək.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Qeyd olunur ki, qocalar evində ümumilikdə 100-ə yaxın insan yaşayır.