Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (IMF) Argentinaya 20 milyard dollar məbləğində kredit ayrılmasını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo mətbuat konfransında bildirib.
“Biz IMF-dən dərhal 12 milyard dollar məbləğində tranş alacağıq. Bu vəsait 15 aprel çərşənbə axşamı daxil olacaq”, – deyə nazir qeyd edib. O əlavə edib ki, iyun ayında Argentina daha 2 milyard dollar alacaq.
Argentina hökumətindən verilən məlumata görə, proqramın ümumi müddəti 10 ildir və ilk 4,5 ili güzəştli dövr kimi nəzərdə tutulub. Prezident administrasiyası bildirib ki, bu vəsaitlər əsasən Mərkəzi Bankın ehtiyatlarının gücləndirilməsi üçün istifadə olunacaq.
Luis Kaputo həmçinin vurğulayıb ki, iyunadək ölkə digər beynəlxalq təşkilatlardan əlavə 3,6 milyard dollar vəsait almağı planlaşdırır.