...

Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun 2025-ci il üçün illik toplantısının rəsmi açılışı keçirilib (FOTO)

Dünya xəbərləri Materials 20 May 2025 23:21 (UTC +04:00)
Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun 2025-ci il üçün illik toplantısının rəsmi açılışı keçirilib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun (İİB) 2025-ci il üzrə illik toplantısının rəsmi açılış mərasimi baş tutub.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, açılış mərasimində çıxış edən Əlcəzairin maliyyə naziri Abdelkrim Buzred tədbirin ölkədə keçirilməsinin Əlcəzairin İİB-yə verdiyi yüksək əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb.

"İslam İnkişaf Bankı Qrupunun 50-ci sessiyası münasibətilə hamınızı Əlcəzairdə salamlamaqdan məmnunam. Bu, 1999 və 2001-ci illərdən sonra ölkəmizdə keçirilən üçüncü toplantıdır və Əlcəzair ilə Bank arasında dərin və etibarlı əməkdaşlığı əks etdirir. Biz İİB-nin üzv ölkələrdə davamlı inkişaf məqsədlərinə töhfə verən, infrastrukturun, ətraf mühitin və insan kapitalının inkişafına dəstək olan bir maliyyə qurumu kimi rolunu yüksək qiymətləndiririk," – deyə o bildirib.

Buzred həmçinin qeyd edib ki, Əlcəzair qurucu üzvü olduğu bu Bankla güclü tərəfdaşlığa sadiqdir və bu qurumu hər zaman ümumi evi hesab edir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn Brahim Taha da çıxış edərək İƏT-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, İƏT-in üzv dövlətlərinə çətinliklərin öhdəsindən gəlməkdə dəstək olmağa davam edəcəyini və daha firavan gələcək üçün sıx əməkdaşlığa ümid bəslədiklərini bildirib.

İİB Qrupunun prezidenti Mohamed Al Jasser isə Əlcəzair ilə Bank arasında uzunmüddətli və uğurlu əməkdaşlıq tarixinə diqqət çəkib.

“Bank yaranandan bəri müxtəlif proqram və layihələr vasitəsilə Əlcəzairin inkişafına mühüm dəstək verib. Əlcəzairin iqtisadiyyatını daha inklüziv və ədalətli etmək məqsədilə həyata keçirdiyi diversifikasiya səylərini yüksək qiymətləndiririk. Bu ölkə 2025–2027-ci illəri əhatə edən Ölkə Əməkdaşlıq Çərçivəsi Proqramı ilə iddialı inkişaf yolunda inamla irəliləyir,” – deyə o qeyd edib.

Al Jasser əlavə edib ki, dünya bu gün ard-arda gələn böhranların, artan geosiyasi gərginliklərin, makroiqtisadi risklərin və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki zəifliyin müşahidə olunduğu qeyri-sabit bir dövr yaşayır.

Onun sözlərinə görə, bütün bu çağırışlar səbəbindən 2024-cü il üçün qlobal iqtisadi artım 3,3%-ə endirilib, 2025-ci il üçün isə bu göstəricinin 2,8%-ə qədər azalacağı proqnozlaşdırılır.

Al Jasser qeyd edib ki, vahid bazarın inkişaf etdirilməsi və regional inteqrasiyanın gücləndirilməsi iqtisadi dayanıqlığın və özünütəminatın artırılması üçün mühüm rol oynayır və İİB bu istiqamətdə üzv ölkələrə dəstək verməyə davam edəcək.

Toplantı mayın 22-dək davam edəcək və “İqtisadiyyatların şaxələndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması” devizi altında keçirilir.

Xəbər lenti

Xəbər lenti