Bakı. Trend:
Cənubi Koreyada prezidentliyə namizəd Li Çje Myon Seul və Pxenyan arasında hərbi qaynar xəttin və digər rabitə kanallarının bərpasını təklif edib.
Trend xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində paylaşım edib.
“İqtisadiyyatı dirçəltmək və vətəndaşların həyatında sabitliyi təmin etmək üçün ‘Koreya yarımadasının risklərini’ aradan qaldırmaq vacibdir. Biz vəziyyəti diqqətlə izləyəcəyik, Koreyalararası rabitə kanallarının, o cümlədən hərbi qaynar xəttin bərpasına və qarşılıqlı şəkildə gərginliyə səbəb olan hərəkətlərdən imtina etməyə çalışacağıq”, – deyə namizəd bildirib.
Qeyd edək ki, 2023-cü ilin aprelindən Şimali Koreya (KXDR) Koreyalararası hərbi qaynar xətt üzrə planlaşdırılmış zənglərə cavab verməyi dayandırıb.
Həmin ilin sonlarında Şimali Koreyanın kəşfiyyat peyki buraxmasından sonra Seul 2018-ci ildə imzalanmış hərbi gərginliyin azaldılmasına dair razılaşmadan qismən imtina edib. Pxenyan isə cavab olaraq bu razılaşmalara artıq tam şəkildə əməl etməyəcəyini açıqlayıb. Koreya Respublikası isə 2024-cü ilin yayında qalan müddəalara da əməl etməyi dayandırıb.