Bakı. Trend:
ABŞ yüzlərlə dəniz piyadasını Los-Anceles yaxınlığında iğtişaşlara nəzarət və izdihamla mübarizə üzrə təlimə cəlb edib və onlar yaxın günlərdə şəhərə göndəriləcək.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi hərbi mənbələrə istinadla məlumat yayıb.
Prezident Donald Trampın immiqrasiya reydlərinə qarşı Kaliforniyada başlanan və digər ştatlara yayılan etirazlar fonunda, federal hökumət Los-Ancelesə Milli Qvardiya və dəniz piyadalarının göndərilməsi qərarı alıb. Bu addım ABŞ daxilində hərbi qüvvələrin istifadəsi ilə bağlı geniş ictimai müzakirələrə səbəb olub.
Ordu generalı-mayor Skott Şerman jurnalistlərə bildirib ki, dəniz piyadaları "tezliklə" Los-Ancelesdə olacaq, lakin bu, çərşənbə günü baş verməyəcək. Onun sözlərinə görə, Milli Qvardiya və Dəniz Piyadaları Korpusunun şəhərə yerləşdirilməsinə xüsusi işçi qrup nəzarət edəcək.
Bundan əlavə, Texas ştatının qubernatoru, respublikaçı Qreq Ebbott çərşənbə günü San Antonio və digər şəhərlərdə planlaşdırılan etirazlar ərəfəsində Milli Qvardiyanın yerləşdiriləcəyini elan edib və bunu edən ilk qubernator olacağını vurğulayıb.