Bakı. Trend:
Son zamanda Azərbaycanda ailələrə dəstəklə bağlı fəaliyyət əhəmiyyətli dərəcədə fəallaşıb.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının rəsmi açılışında bildirib.
“Azərbaycanda bölgələrdə yaşayan ailələrin dəstəklənməsi ilə bağlı proqramlar həyata keçirilir. Gənc ailələrin iqtisadi və psixoloji baxımdan dəstəklənməsinə yönəlmiş layihələr də mövcuddur. Erkən nikahların, məişət və gender zorakılığının qarşısının alınması üçün hüquqi və sosial mexanizmləri təkmilləşdiririk, ailələrin rəqəmsal savadlılığını və dayanıqlılığını artırırıq”, – deyə o bildirib.
Muradovanın sözlərinə görə, ailənin əsas funksiyası – gənclərin ictimai şüurunu möhkəmləndirən, mənəvi və etik dəyərləri ötürən qoruyucu bir institut olmaqdır.
“Azərbaycan Konstitusiyası və Ailə Məcəlləsi ailəni cəmiyyətin təməli kimi tanıyır və dövlət tərəfindən onun xüsusi qorunmasını təmin edir. Ailənin hər bir üzvünün hüquqları məhkəmə qaydasında təmin olunur və qorunur”, – deyə o vurğulayıb.
Komitə sədri qeyd edib ki, gəncləri dinləmək, onların suallarına cavab vermək və sağlam mənəvi prinsiplərə əsaslanan bir cəmiyyətin formalaşdırılması üçün addımlar atmaq olduqca vacibdir