Bakı. Trend:
2024-cü ilin ən isti il kimi təsdiqlənməsi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ciddi xəbərdarlıq edib: iqlim fəlakəti həm də sağlamlıq böhranıdır və o, artıq insanların həyatın itirməsinə səbəb olur.
Trend təşkilatın bəyanatına istinadla xəbər verir ki, ÜST Avropanın digər regionlardan daha sürətlə istiləşdiyini və bu qitədə iqlim böhranının insanların sağlamlığına mənfi təsirinin daha kəskin olduğunu bildirib.
Belə ki, son illərdə artan ölüm nisbətlərindən tutmuş iqlimlə bağlı narahatlığın güclənməsinə qədər bütün sağlamlıq göstəriciləri pisləşib.
Bu ciddi problem fonunda ÜST-nin Avropa regional strukturu iyunun 11-də yeni təşəbbüs irəli sürüb və İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyası (PECCH) vasitəsilə iqlim dəyişikliyinin ictimai sağlamlıq üçün yaratdığı artan təhlükə ilə mübarizəyə başlayıb.
İslandiyanın sabiq Baş naziri Katrin Yakibsdötirrin sədrliyi ilə fəaliyyət göstərən komissiya regionun hər yerindən 11 aparıcı eksperti bir araya gətirir və onlara təsirli həll yolları üçün tövsiyələr təqdim edir.
ÜST bildirib ki, bəşəriyyətin təxminən yarısı artıq iqlim dəyişikliyinə çox həssas olan ərazilərdə yaşayır, eyni zamanda, dünyada istiləşmə ilə bağlı ölümlərin üçdəbiri Avropa regionunda baş verir.
2022 və 2023-cü illərin məlumatlarına əsasən, Avropa regionundakı 35 ölkədə 100 mindən çox insan istilər səbəbindən dünyasını dəyişib. Katrin Yakibsdötirr qeyd edib: “İqlim böhranı təkcə ekoloji fövqəladə hal deyil, həm də artan ictimai sağlamlıq problemidir. Biz qəbul etməliyik ki, artan temperatur, havanın çirklənməsi və insanların yaratdığı iqlim dəyişikliyi nəticəsində dəyişən ekosistemlər arasında qarşılıqlı əlaqə artıq Avropa regionunda və bütün dünyada icmaların sağlamlığına və rifahına mənfi təsir göstərir”.
Komissiyaya emissiyaları azaltmaq, sağlamlığı qoruyan uyğunlaşma strategiyalarına sərmayə qoymaq, qeyri-bərabərliyi aradan qaldırmaq və davamlılıq yaratmaq üçün tövsiyələr vermək tapşırılıb.
ÜST əlavə edib ki, iqlim böhranı ən həssas insanların sağlamlığına qeyri-mütənasib şəkildə təsir edir. Təşkilatın Avropa üzrə iqlim-sağlamlıq təşəbbüsünün baş məsləhətçisi Endryu Haynes qeyd edib ki, iqlim böhranı təhlükəli virusların yayılması ilə əlaqəli xəstəliklərin artmasına və qida təhlükəsizliyinin pisləşməsinə səbəb olur.