Bakı. Trend:
Çexiya qarşıdan gələn NATO sammitində müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırılması təşəbbüsünü dəstəkləyəcək.
Trend xəbər verir ki, bu barədə Çexiya hökumətinin rəsmi sənədində qeyd olunub.
Təklifin iki həftədən az müddətdə Haaqada keçiriləcək sammitdə müzakirə ediləcəyi gözlənilir. Sənədə əsasən, NATO-ya üzv dövlətlərin birbaşa müdafiə xərcləri ÜDM-in hazırkı 2 faizindən 3,5 faizinə qədər artırılmalıdır. Qalan vəsait isə kibertəhlükəsizlik, nəqliyyat və enerji infrastrukturu, habelə yerli müdafiə sənayesinə dəstək üçün ayrılmalıdır.
Yeni öhdəliyin 2032-ci ilə qədər bütün üzv ölkələr tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Hökumət sənədində Çexiya nümayəndə heyətinin sammit zamanı rəhbər tutacağı ümumilikdə on iki prinsip əksini tapıb.
Sənəddə vurğulanır ki, Çexiya yalnız xərclərin artırılmasına deyil, eyni zamanda atəşkəs və ya sülh sazişindən asılı olmayaraq Ukraynaya uzunmüddətli dəstəyə də sadiq qalacaq.