Bakı. Trend:
Meksika prokurorluğu ölkənin mərkəzində yerləşən Quanaxuato əyalətinin La Kalera şəhərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 32 nəfərin cəsədinin aşkarlandığını təsdiqləyib.
Trend-in məlumatına görə, iyulun 30-dan avqustun 2-dək aparılan araşdırmalar nəticəsində tapılan meyitlərdən 15 nəfərin şəxsiyyəti artıq müəyyən edilib.
Əyalət prokurorluğunun “X” sosial şəbəkəsində yaydığı açıqlamada
deyilir:
“La Kalerada aparılan araşdırmalardan sonra 32 nəfərin cəsədi
tapılıb, onlardan 15-nin şəxsiyyəti müəyyən edilib.”
Yerli “TVguanajuato” telekanalı bildirib ki, tapılan insan qalıqları parçalanmış vəziyyətdə olub və onların identifikasiyası genetik analiz, antropologiya və məhkəmə stomatologiyası sahələrində xüsusi texnikanın tətbiqini tələb edir.
Hadisə ilə bağlı istintaq davam etdirilir. Quanaxuato əyaləti son illərdə narkokartel qarşıdurmaları və zorakılıq halları ilə tez-tez gündəmə gəlir.