Bakı. Trend:
Mexiko şəhəri Vaşinqtondan Meksika-Amerika Birləşmiş Ştatları-Kanada Müqaviləsinin (USMCA) tərəflər arasında ayrıca şəkildə nəzərdən keçiriləcəyi barədə heç bir rəsmi bildiriş almayıb.
Trend xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bəyan edib.
“USMCA Kanada, ABŞ və Meksikada qüvvədə olan bir qanundur və hər üç ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib. Kimsə müqaviləyə dəyişiklik etmək istəsə, bu, hərtərəfli nəzərdən keçirmə prosesini tələb edəcək. Hazırda bu prosesin necə aparılacağı barədə əlavə məlumatımız yoxdur”, – deyə Şeynbaum bildirib.
Prezident həmçinin qeyd edib ki, ölkələr arasında bir sıra mühüm ikitərəfli məsələlər mövcuddur və bu səbəbdən “USMCA-nın nəzərdən keçirilməsi mərhələsində ikitərəfli görüşlərin keçirilməsi” istisna olunmur.