Bakı. Trend:
Gürcüstan İqtisadiyyat Nazirliyi Qara dəniz kabel layihəsi ilə bağlı Avropa İttifaqından (Aİ) strateji, hüquqi və maliyyə dəstəyi alacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyası 2035-ci ilədək Avropa İttifaqı ilə həmsərhəd regionlarda enerji bağlantılarının gücləndirilməsinə yönəlmiş layihələrə geniş dəstək verəcək.
Məlumata görə, Gürcüstan və Rumıniyanın 2024-cü ilin sonunda qarşılıqlı maraq doğuran layihə statusu almaq üçün birgə təqdim etdiyi Qara dəniz sualtı kabel layihəsi Avropa Komissiyasının dərc etdiyi siyahıya daxil edilib.
Bildirilib ki, layihə təqdim edilərkən Avropa Enerji İttifaqının dəstəkləyici sənədi də əlavə olunub ki, bu da layihənin strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Cari il dekabrın 1-də Avropa Komissiyası səlahiyyətli normativ akt qəbul edərək qarşılıqlı və ikitərəfli maraq doğuran layihələrin siyahısını təsdiqləyib, sənədi Avropa Parlamenti və Avropa Şurasına təqdim edib. Aİ qanunvericiliyinə əsasən, belə status alan layihələr hüquqi, maliyyə və strateji baxımdan birbaşa dəstək alır.