Bakı. Trend:
Qambiya bayrağı altında üzən “Kairos” tankeri Bolqarıstanın cənubundakı Ahtopol şəhəri yaxınlığında Ukraynanın “Sea Baby” pilotsuz dəniz gəmisinin ehtimal edilən hücumundan sonra batmaq təhlükəsi ilə üzləşib.
Trend-in "maritime.bg"yə istinadən məlumatına görə, gəminin göyərtəsində 10 nəfər ekipaj üzvü var və onların həyatı üçün təhlükə yoxdur.
Hadisə Bolqarıstan Dəniz Administrasiyası, Hərbi Dəniz Qüvvələri və sərhəd mühafizəsi tərəfindən nəzarətdə saxlanılır. Bildirilib ki, noyabrın 28-də Türkiyə sularında pilotsuz aparatla baş verən insidentdən sonra “Kairos” hərəkət qabiliyyətini itirib. Dekabrın 3-də Türkiyə gəmisi tankeri yedəkləməyə başlayıb, lakin dekabrın 5-də naməlum səbəblərdən yedəkləmə dayandırılıb və gəmi Bolqarıstan ərazi sularında tərk edilib.
“Kairos” hazırda Bolqarıstan sahillərinə təxminən bir mil məsafədə lövbər salıb. Ərazidə güclü küləklər müşahidə olunur.
Bolqarıstan Dəniz Administrasiyasının məlumatına görə, ekipaj evakuasiya tələb edib. Bir sərhəd mühafizə qayığı və iki yedək gəmisi yardım göstərməyə hazır olsa da, əlverişsiz hava şəraiti səbəbindən xilasetmə əməliyyatı dekabrın 6-sı səhər saatlarınadək təxirə salınıb. Gəminin gecə boyunca müşahidəsi davam edəcək.
Ekipaj üzvlərinin milliyyəti barədə məlumat hələlik açıqlanmayıb.
