...

Sofiyada kütləvi etiraz aksiyaları keçirilir

Dünya xəbərləri Materials 11 Dekabr 2025 01:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada müxalifət partiyalarının təşkil etdiyi genişmiqyaslı etiraz aksiyaları hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Trend xəbər verir ki, aksiya hökumət binası, prezident administrasiyası və parlament arasında yerləşən “hakimiyyət üçbucağı” ərazisində on minlərlə etirazçının iştirakı ilə keçirilib.

Meydanda böyük monitorlar quraşdırılıb ki, iştirakçılar çıxışları və prosesləri aydın şəkildə izləyə bilsinlər. Etirazçılar yalnız hökumətin istefasını deyil, həm də ölkənin idarəetmə sisteminin dəyişdirilməsini tələb edir, Bolqarıstanın problemlərində isə “Vətəndaşlar Avropanın İnkişafı uğrunda” partiyasının lideri Boyko Borisovu və “DPS – Yeni başlanğıc” siyasi birliyinin rəhbəri Delyan Peevskini günahlandırırlar.

Meydanlardan belə şüarlar səslənib: “Biz aldadılmağa imkan verməyəcəyik!”, “Sirk bitdi! İstefa və məhkəmə vaxtıdır!”, “Bolqarıstanda mafiya idarəçiliyinə son!”.

Sofiya polisi gücləndirilmiş tərkibdə xidmət aparsa da, şəhərin mərkəzində yol hərəkəti tamamilə iflic vəziyyətə düşüb. Polis giriş məntəqələrində 25 nəfəri saxlayıb, onlardan bıçaq, qaz balonları, pirotexnika və kütləvi tədbirlərdə qadağan olunan digər əşyalar götürülüb.

Bolqarıstan Milli Televiziyasının məlumatına görə, kütləvi etiraz aksiyaları Plovdiv, Varna, Burqas, Veliko Tırnovo və digər böyük şəhərlərdə də davam edir.

Xəbər lenti

Xəbər lenti