Bakı. Trend:
Keçmişdə ağır çəkidə üç versiya üzrə dünya çempionu olmuş britaniyalı Entoni Coşua amerikalı bloger və həvəskar boksçu Ceyk Polu məğlub edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən səkkiz raundlu döyüş Coşuanın 6-cı raundda nokautla qələbəsi ilə başa çatıb.
Döyüşdən sonra Ceyk Pol keçmiş olimpiya çempionu, britaniyalı Entoni Coşuanın zərbəsindən çənəsinin sındığını bildirib.
“Məncə, çənəm sınıb, yeri gəlmişkən. Bəli, dəqiq sınıb. Döyüş möhtəşəm idi, xoşuma gəldi. Mən yenidən qayıdacağam və dünya çempionu olmaq istəyirəm”, — deyə o, rinqdə açıqlama verib.
Əvvəlcə Polun amerikalı Cervonta Devislə qarşılaşması planlaşdırılırdı, lakin o, cinayət təqibi səbəbindən döyüşdən kənarlaşdırılıb.
Hazırda 36 yaşlı Coşuanın aktivində 29 qələbə (26-sı nokautla) və 4 məğlubiyyət var. Son döyüşündə britaniyalı həmyerlisi Daniel Dyubuaya uduzub və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titulunu qazana bilməyib. Həmin döyüşlə Coşua ukraynalı Aleksandr Usiklə keçirdiyi iki qarşılaşmadan sonra qazandığı dörd qələbəlik seriyanı dayandırıb.
