Bakı. Trend:
Avstriyanın paytaxtı Vyananın Leopoldştadt rayonunda, Tempelqasse küçəsində yerləşən sinaqoqun yaxınlığında qumbara aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Vyana polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayıcı qurğu sinaqoqun qarşısındakı binanın girişində qoyulmuş çantanın içində tapılıb. Polis qumbaranın müsadirə edildiyini və bomba zərərsizləşdirmə qrupu tərəfindən müayinə üçün aparıldığını bildirib.
Qeyd olunub ki, qumbaranın olduğu çantanı sinaqoq əməkdaşı aşkar edib. Polisə məlumat verildikdən sonra hadisə yerinə bomba üzrə mütəxəssislər cəlb olunub və qurğu təhlükəsiz şəkildə götürülüb. Hazırda qumbaranın İkinci Dünya Müharibəsindən qalma olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılır.
Polisin açıqlamasına görə, hadisədən bir gün əvvəl sinaqoq əməkdaşlarına qarşı hər hansı təhdid qeydə alınmayıb və binanın yaxınlığında partlayıcı qurğunun qoyulmasının məqsədi ilə bağlı heç bir qeyd və ya iz aşkar edilməyib.
Hadisənin dini obyektin yaxınlığında baş verməsi nəzərə alınaraq, məlumat Avstriyanın Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinə (DSN) ötürülüb.
