Bakı. Trend:
ABŞ nümayəndə heyəti yanvarın 7-də Parisdə Ukrayna ilə müzakirələri davam etdirəcək.
Trend-in məlumatına görə, bu barədə Parisdə keçirilən "İstəklilər koalisiyası" görüşündə iştirak edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “X” sosial şəbəkəsində məlumat verib.
Uitkoff yazıb ki, “bu axşam və sabah Ukrayna nümayəndə heyəti ilə danışıqlarımızı davam etdirəcəyik və yaxın gələcəkdə əlavə müsbət nəticələrin olacağına ümidvarıq”.
O əlavə edib ki, ABŞ nümayəndə heyəti Parisdəki görüşlər zamanı Ukraynaya ikitərəfli təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi bərpa planı üzrə irəliləyiş əldə edib. “Biz bir neçə mühüm istiqamətdə, o cümlədən ikitərəfli təhlükəsizlik zəmanətləri və iqtisadi rifah planı üzrə əhəmiyyətli irəliləyişə nail olmuşuq. ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh istəyir və biz onun tapşırığı ilə bu məqsədə çatmaq üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə xüsusi nümayəndə vurğulayıb.
