Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) şərqində mədənin çökməsi nəticəsində azı 227 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yanvarın 28-də baş verib və ölənlərin dəqiq sayı hələlik müəyyən edilməyib. Çökmə Rubaya şəhəri yaxınlığında yerləşən kolumbit-tantalit (koltan) hasil edilən mədəndə qeydə alınıb. Sözügedən mineral dünya bazarında yüksək tələbatla seçilir və elektrikli nəqliyyat vasitələri, eləcə də mobil telefonlar üçün batareyaların istehsalında geniş istifadə olunur.
Qeyd edək ki, Konqo Demokratik Respublikası kolumbit-tantalit istehsalında dünya lideridir və hər il təxminən 2000 ton bu mineralı hasil edir. KDR-də istehsal olunan koltanın təxminən yarısı Şimali Kivu əyalətinin Rubaya bölgəsində yerləşən mədənlərin payına düşür.
